Hər insanın həyatında "şanssızlıq", "mənfilik", "tərslik" kimi görünən bir çox hadisə meydana gəlir. Bunlar bir insanın bütün həyatına təsir edəcək qədər şiddətli və ya gündəlik həyat içində qarşılaşılan kiçik hadisələr ola bilər. Quran əxlaqını yaşamayan insanlar, ən kiçiyindən ən böyüyünə qədər nəfslərinin xoşlamadığı bu cür hadisələrlə qarşılaşdıqlarında çətinlik, narahatlıq, bədbəxtlik, gərginlik və qorxu duyarlar. Halbuki bu onların çox əhəmiyyətli bir həqiqətdən xəbərsiz həyatlarının nəticəsində öz özlərinə yaşatdıqları bir zülmdür. Allahın bir ayəsində bildirdiyi kimi "Allah insanlara zülm etməz, insanlar öz özlərinə zülm edərlər". Allaha iman etməyən və ya iman etdiyi halda Allahın bildirdiyi gerçəkləri görməməzlikdən gələrək yaşamağı seçən insanların daha dünyada ikən aldıqları qarşılıq, həmişə belə narahatlıq, kədər və tərəddüd içində yaşamaq, bir çox qorxuya və zəifliyə sahib olmaqdır.
Gerçəyi bilənlər üçünsə, dünya həyatında qorxu, narahatlıq və ya bədbəxtlik səbəbi ola biləcək heç bir şey yoxdur. Çünki iman edənlər, Allahın hər hadisəni qədərdə yaratdığını, hər şeyin Allah Qatındakı Lövhü Məhfuz adlı kitabda olduğunu və özlərinin də digər bütün insanlar kimi qədərin tamaşaçısı olduqlarını bilərlər. Allahın yaratdığı hadisələrin özləri üçün hər zaman gözəlliklə nəticələnəcəyini, Allahın saleh qullarının qədərini ən hikmətli və özləri üçün ən xeyirli şəkildə yaratdığını əsla unutmazlar.
İnsanların böyük bir hissəsi qədəri bilirlər, amma qədərlə əlaqədar yanlış anlayışlara sahibdirlər. Məsələn yalnız insanın saç rəngi, boyunun uzunluğu, hansı ana ataya sahib olacağı kimi müəyyən mövzuların insanın qədərində olduğunu, digər mövzularda isə əgər çox səy etsələr, çalışsalar və əzm göstərsələr qədərlərini dəyişdirə biləcəklərini zənn edərlər. Halbuki gerçək budur: Bir insanın hər anı, bütün həyatı, həyatı boyunca qarşılaşdığı və qarşılaşacağı hər hadisə, hər danışıq, hər baxış, hər səs qədərindədir. Məsələn bu an bu yazıları oxuyan adamın qədərində bu günün bu saatında bu sətirləri oxumaq onsuz da vardır. Allah bu anı, siz daha yaradılmadan milyonlarla il əvvəl də bilməkdədir. Bəlkə bu yazını oxuyana qədər insan bir çox hadisə yaşamışdır. Məsələn tam oxumağa başlayacaq ikən qapı döyülmüş və bir yoldaşı gəlmişdir. Beləcə yazını oxuması üç saat sonraya təxirə salınmışdır. O vaxt qapının döyülməsi, qapını açdığında yoldaşının gülən üzü, "salam" deməsi, yazını oxuma saatının üç saat təxirə salınması hərf-hərf, siz bunları yaşamamışdan əvvəl Allahın hafizəsində, sizin, yoldaşınızın və bu yazının qədərində təyin olunmuşdur. Allah bir ayəsində bu mövzunu belə bildirir:
Sən hansı bir işdə olsan, Qurandan nə oxusan, siz nə iş görsəniz, başınız ona qarışarkən Biz sizə şahid olarıq. Nə yerdə, nə də göydə zərrə qədər bir şey Rəbbindən gizli qalmaz. Bundan daha kiçiyi və daha böyüyü yoxdur ki, açıq-aydın Yazıda (Lövhi-Məhfuzda) olmasın. (Yunus Surəsi, 61)
Allah, zamandan və məkandan münəzzəhdir. Zamana və məkana tabe olan isə insandır. Bu səbəblə bizim üçün keçmiş, bu an və gələcək Allahın Qatında bir andır. Məsələn bir sonrakı ad günümüz bizim üçün gələcək olan bir andır. Gerçəkdə isə o an, Allah Qatında olub bitmişdir, Allah o anı bilir. Yəni bizim bir sonrakı doğum günümüzdə nə geyəcəyimizi, kimlərlə birlikdə olacağımızı, o gün nə edəcəyimizi Allah bu anda bilməkdədir. Eyni şəkildə iki il sonra, üç il sonra, on il, qırx il sonra nə edəcəyimizi də Allah bu anda ən incə detalına qədər bilib əhatə etmişdir. Allah bir insanın həyatının bütün günlərini, hətta bütün dəqiqələrini, saniyələrini tək bir an olaraq bildiyi kimi, kainat var olduğundan bəri yaşamış olan milyardlarla insanın və bundan sonra yaşayacaq olan bütün insanların həyatlarının hər saniyəsinə də tək bir an olaraq hakimdir. Allah sonsuz uzun zamanı sonsuz qısa zaman içində yəni tək bir anda yaratmışdır.
İnsanın Allahın bu sonsuz elminin şüurunda olması və qədərinin bir tamaşaçısı olduğunu bilməsi isə onun üçün böyük bir nemət və asanlıqdır. Haqqıyla iman edən, səmimiyyətlə Allaha təslim olan bir mömin, özü üçün hazırlanmış olan qədərini ibrət götürərək, həyəcanla, şükrlə və hər an təfəkkür edərək, kreslosuna oturub bir filmi izləyən adamın rahatlığı ilə, güvən və sevinc içində izləyər.
Allahı dost və vəkil əldə edən və Allahın yaratdığı hər hadisədən, hər görüntü və hər danışıqdan razı olan bir insan qədərindən də razıdır. Allah, insanları sınamaq üçün qədərlərində fərqli hadisələr və görüntülər yarada bilər. Bunlar bəzən ürküdücü, bəzən çətin və sıxıntılı görülə bilər. Ancaq bu hadisələrin hər biri Allah Qatında ən incə detallarına qədər planlı və gizlidir. Məsələn, Hz. Yusuf heç bir günahı olmadığı halda illərcə zindanda qalmışdır. Bu onun qədərindədir. Lakin, Hz. Yusuf Allahın yaratdığı qədərə məmnuniyyət və sevinclə təslim olduğu üçün, həbs ona bir çətinlik və sıxıntı deyil, əksinə bir çox nemətin və gözəlliyin qapısını açan bir hadisə olaraq görünmüşdür. Söz gəlişi, belə bir çətinlik anını asanlıqların və rahatlığın olduğu bir mühitlə müqayisə edən mömin, nemətlərin zövqünə daha şiddətlə çatar. Hər gün bir gül bağçası görən bir insanın bu bağçadan alacağı zövq ilə, illərlə beton divardan başqa bir şey görməmiş bir insanın gül bağçasından alacağı zövq əlbəttə ki çox fərqlidir. Çətinliyi, çirkinliyi bilən bir insan rahatdan və gözəllikdən daha çox zövq alacaq. Və ya qədərində Hz. Yusuf kimi haqsızlığa, çətinliyə, həbs kimi bir mühitə səbr etmək olan bir insan, bunun axirətdə özünə Allahdan bir məmnuniyyət və əcr olaraq dönəcəyini düşünərək, qədərinə sevinər. Nəticədə, qədərində olanı yaşadığını və özü də daxil olmaqla heç bir yaradılmış varlığın onun qədərinin önünə keçə bilməyəcəyini, qədərindəki tək bir saniyəni belə dəyişdirə bilməyəcəyini bilər və qədərinə təslimiyyətin rahatlığını yaşayar.
Qədərə təslim olan bir mömin əlbəttə ki, hər halda əlindən gələnin ən çoxunu edərək səy göstərər. Söz gəlişi xəstələnən bir insan əlbəttə ki, həkimə gedəcək, dərmanlarını alacaq və xəstəliyi ilə əlaqədar hər şeyə diqqət yetirəcək. Ancaq bunları edərkən, getdiyi həkimin, aldığı dərmanların və müalicəsinin nəticəsinin də Allahın yaratdığı qədərdə olduğunu bilərək davranar.
Bu səbəblə, heç bir zaman bədbinliyə, təlaşa, çətinliyə və ya pessimizmə qapılmaz. Allahın özü üçün dilədiyinin ən xeyirlisi olduğunu bilməyin dinclik və etibarını yaşayar. İnsanın hər hadisədə bir xeyr olduğuna iman etməsi son dərəcə əhəmiyyətli bir mövzudur.
Möminlər, şər kimi görünən hadisələrdə də özləri üçün böyük bir xeyir olduğuna iman edər və Allaha təvəkkül edərlər. Bu, yalnız möminlərə xas bir xüsusiyyətdir. Peyğəmbər
Əfəndimiz bir hədisində bu mövzunu belə ifadə etmişdir:
"Mömin adamın vəziyyəti nə qədər qəribədir. Çünki hər işi onun üçün bir xeyirdir. Bu vəziyyət, yalnız möminə xasdır, başqasına deyil: Ona məmnun olacağı bir şey gəlsə şükr edər, bu isə xeyirdir; bir zərər gəlsə, səbr edər bu da xeyirdir."
(Muslim, Zuhd 64, 2999)
Allah, bütün kainatın tək hakimi, sonsuz güc sahibidir. Bu gerçəyi bilən və haqqıyla görə bilən bir insan üçün onsuz da Allaha təslim olaraq təvəkkül etməkdən başqa bir yol yoxdur. Çünki bir insanın qarşılaşdığı hər hadisə, hər insan, hər danışıq, hər səs, Allahın yoxlaması altındadır.
Peyğəmbər Əfəndimizin də ifadə etdiyi kimi Allahdan gələn hər şey mömin üçün bir gözəllik və bir xeyirdir. Möminlərin bu gerçəyin şüurunda olaraq yaşadıqları təvəkkül anlayışını Allah bir ayəsində belə bildirir:
Mən, Rəbbim və Rəbbiniz olan Allaha təvəkkül etdim. Elə bir canlı yoxdur ki, (Allah) onun kəkilindən tutmuş olmasın. Həqiqətən, Rəbbim ədalətlidir.(Hud Surəsi, 56)
Allaha təvəkkül etməyərək, hər şeyi öz güclərinin və iradələrinin altında zənn edənlər isə, daim qorxu, hüzün, narahatlıq və pessimizm içində olarlar. Bu, bir filmi izləyən bir insanın sanki filmin sonunu dəyişdirə biləcəkmiş kimi həyəcana və çaxnaşmaya qapılmasına bənzəyir. Belə bir qorxu necə son dərəcə yersiz və gərəksiz isə, qədərini izləyən bir insanın da qarşılaşdıqları qarşısında bənzər hisslərə qapılması gərəksiz və yersizdir. Məsələn, günahsız bir insana böhtan atanlar Allahın iradəsində olan varlıqlardır. Və Allah, insanı sınamaq üçün bu hadisələri yaradır. Bunlara səbr etdiyi təqdirdə, Allahın razılığını, cənnətini və rəhmətini qazanmağı ümid edən mömin üçün kədərlənəcək heç bir səbəb olmaz. Həmçinin Allah, möminlərə hər zaman köməyini göndərər və onlara işlərində asanlıq yaradar. Bu, Allahın qəti bir vədidir. Allah bir ayəsində haqsızlığa uğrayanlar üçün belə buyurmaqdadır:
Bax belə! Hər kim özünə verilən cəza kimi cəza versə, sonra yenə də haqsızlığa məruz qalsa, (bilsin ki,) Allah ona mütləq kömək edəcəkdir. Həqiqətən, Allah əfv edəndir, Bağışlayandır!(Həcc Surəsi, 60)
O halda Allahın gücünü, köməyini və dostluğunu bilən möminlər üçün təvəkkül və təslimiyyət tək yoldur və yolların ən gözəli və ən asanıdır. Əks halda insan qaldıra bilməyəcəyi ağır bir yükün altına girər. Bədiüzzaman Səid Nursi, bir sözündə insanın təvəkkül etmədiyi təqdirdə, öz özünü necə bir çətinlik içinə soxacağını belə ifadə edir:
"İnsan zəiftir, bəlaları çox. Kasıbdır, ehtiyacı çox. Acizdir, həyat yükü çox ağır. Əgər Qədri Zülcəlala söykənib təvəkkül etməzsə və etimad edib təslim olmazsa, vicdanı daim əzab içində qalar. Səmərəsiz məşəqqətlər, əzablar, təəssüflər onu boğar. Ya sərxoş və ya canavar edər." (Sözlər, s. 29)
Bunu da ifadə etmək lazımdır ki, burada izah edilənlər insanların özlərini və ya bir-birlərini təsəlli etmələri, çətinliklər qarşısında düşünərək özlərinə təlqinlər etmələri üçün verilən məlumatlar deyil. Bunlar Allahın yaratmasının və dünya həyatının gerçək üzüdür. Əsas, əksinə inanan və ya əksinə davranan özünü aldatmış və yanıltmış olar. Bu səbəbdən cahiliyyə insanı ən varlıqlı və ən rahat günlərində belə təvəkkülsüzlüyün çətinlik və gərginliyini yaşayarkən, gerçəklərə iman edən bir mömin, hər nə şərtdə olursa olsun dinin insanlara gətirdiyi asanlığı, sevinci və rahatlığı yaşayar.
Allah Quranda möminlər üçün belə bildirir:
Şübhəsiz ki, Allahın dostlarının heç bir qorxusu yoxdur və onlar kədərlənməyəcəklər.Onlar iman gətirmiş və (Allahdan) qorxmuşlar.Dünya həyatında da, axirətdə də onlara müjdə vardır. Allahın kəlmələri əsla dəyişilməz. Bu, böyük uğurdur. (Yunus Surəsi, 62-64)
Hiç yorum yok:
Yorum Gönder